Məhkəmə “Meydan TV işi” üzrə bu vəsatətləri təmin edib - YENİLƏNİB
Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə Bakı Jurnalistika Məktəbinin (BJM) direktor müavini Ülvi Tahirov, Meydan TV-nin baş redaktoru Aynur Qəmbərova, jurnalistləri Natiq Cavadlı, Aytac Tapdıq, Aysel Umudova, Ülviyyə Quliyeva, Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə, həmçinin müstəqil jurnalist Nurlan Qəhrəman, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev, foto-müxbir Əhməd Muxtarın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Azadmediatv.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirlənlərin və müdafiəçilərin vəsatətləri dinlənilib. Vəsatətlərə təqsirləndirilənlərin ev dustaqlığına buraxılması, yaxınları və heyvanlarıyla görüşə imkan, eləcə də digər məsələr öz əksini tapıb.
Vəkillər təqsirləndirilən şəxslərin məhkəmə zalında vəkillərin yanında əyləşməsini istəyib. Vəsatət təmin edilib. Növbəti məhkəmə prosesindən bu iş üzrə təqsirləndirilən şəxslər zalda əyləşəcəklər. Bu gün isə iş üzrə ittiham olunanlardan jurnalist Ülviyyə Quliyeva (Əli) nəfəs darlığı olduğunu, qapalı şətaitdə boğulduğunu bildirdiyi üçün məhkəmə onu vəkilinin yanında oturmasına razılıq verib. Vəkillər bu iş üzrə həbs olunmuş jurnalistlər – Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirovun 3 saylı İstintaq Təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə vəsatət veriblər. “Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aytac Əhmədova (Tapdıq) isə evlənmək istədiyi şəxslə- Kamran Məmmədli ilə evliliyinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına dair məhkəməyə vəsatət təqdim edib. Məhkəmə hər iki vəsatəti təmin edib.
Bu iş üzrə həbs olunmuş şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər isə təmin edilməyib.
Məhkəmə görüşlə bağlı Cəzaçəkmə Müəssisəsinə məktub göndəriləcəyini bildirib. Digər vəsatətlər təmin edilməyib.
Dekabrın 22-dək proses təxirə salınıb.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Meydan TV əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar.
Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.
Fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də isə Ülviyyə Əli saxlanılıblar.
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib.
Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.
Mühakimə olunan şəxslərin hər biri ittihamları qəbul etmir, onlar özlərini təqsirli bilməyiblər.
Gülnaz Qənbərli
Azadmediatv.com



