Teymur Kərimov və İstək Totuyevanın məhkəməsi başlayıb

Teymur Kərimov və İstək Totuyevanın məhkəməsi başlayıb

Aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Kanal 11" internet televiziyasının direktoru Teymur Kərimov və kanalın əməkdaşı İstək Totuyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Azadmediatv.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra məhkəmə zalında əllərindəki qandalın hərəkət məhdudiyyəti yaratdığını deyən T.Kərimov bunun aradan qaldırılması üçün etirazını bildirib.

Məhkəmə bildirib ki, bir neçə məhkum sərbəstlik verilməsindən sui-istifadə etdiyinə görə, bütün məhbuslar prosesdə qandallı iştirak edir. Həmçinin Cəmil adlı baş konvoya istinadən hakim Azad Məcidov bildirib ki, təqsirləndirilən özünə sui-qəsdə meyilli xarakterizə edildiyinə görə, vəsatət təmin edilə bilməz. T. Kərimov hakim Azad Məcidovun prosesə sədrlik etməsinə etirazını vəsatətlə bildirib. Vəsatət təmin edilməyib.

Təqsirləndirlilənlərdən T. Kərimovun vəkili Nemət Kərimli vəsatət qaldıraraq müdafiə etdiyi şəxsin həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilməsini, KİV nümayəndələrinin prosesfə çəkiliş aparması, eləcə də təqdirləndirilənin müdafiəçiləriylə yanaşı əyləşməsini istəyib.

Vəsatətlər təmin edilməyib.

Daha sonra çıxış edən dövlət ittihamçısı Fariz Rzayev prosesin məhkəmə baxışına verilməsini təklif edib.

Müşavirədən qayıdan məhkəmə heyəti prosesin baxışa verilməsi vaxtını  açıqlayıb. Məhkəmənin ilk baxış iclası aprelin 24-nə təyin edilib.

Qeyd edək ki, Teymur Kərimov və İstək Totuyeva barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, 2023-cü oı dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi Kanal-11 YouTube kanalının sahibi Teymur Kərimovun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

T.Kərimov ittihamları rədd edir və cinayət işini jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Gülnaz Qənbərli

Azadmediatv.com





OXŞAR XƏBƏRLƏR