Dəfələrlə Səbuhiyə xəbərdarlıqlar etdim, dedim xalqı zəhərləmə - MƏHKƏMƏ
Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Səbuhi Əhmədlini qətlə yetirməkdə ittiham edilən Əli Eybatov, Fərrux Qasımov və Emin Ələsgərovun növbəti prosesi keçirilib.
Prosesə sədrlik edən Leyla Əsgərova-Məmmədova bildirib ki, məhkumlardan Əli Eybatov məhkəmənin sonunadək aclıq aksiyası keçirəcəyi ilə bağlı kollegiyaya müraciət ünvanlayıb. Müraciətdə qeyd edilib ki, o sentyabrın 10-dan müddətsiz aclıq aksiyasını davam etdirmək niyyətində olub. Lakin ötən məhkəmə prosesində prosesə sədrlik edən hakim L.Əsgərova Məmmədovanın tövsiyyələrindən sonra aclığı dayandırıb. Hakim Ə. Eybatovun aclıq aksiyasını dayandırması üçün bildirib ki, proses bir neçə ay davam edə bilər, həmin müddət boyunca isəonun orqanizmi buna tab gətirə bilməz.
Daha sonra Ə. Eybatov məhkəmədə sərbəst ifadə verib. O, ifadəsinə mərhum Səbuhi Əhmədlinin ailə üzvlərinə üzürxahlıq edərək başlayıb. Ə.Eybətov bildirib ki, mərhum Səbuhi Əhmədli ilə eyni məktəbdə oxuyublar və yaxın münasibətləri olub: “Öncə Səbuhinin prosesdə iştirak edən yaxınlarından və ailə üzvlərindən üzr istəyirəm. Səbuhi bu hadisəyədək məni bıçaqla vurub, pnevmatik silahdan atəş açmışdı.Onun mənə yenidən saldıeacağını, əl çəkməyəcəyini biliirdim. Çünki artıq bir neçə nəfərə bunu etmişdi. Ona görə də məqsədim onu öldürmək yox, qorxutmaq idi. Təəssüf ki, bu onun ölümünə səbəb oldu. Bu hadisəyədək Səbuhi mənə bir neçə dəfə hücum edib, xəsarətlər yetirmişdi. Bıçaqla ayağıma vurmuşdu. Sonra isə pnevmatik silahdan atəş açmışdı”.
Məhkəmənin və dövlət ittihamçısının suallarını cavablandırarkən təqsirləndirilən Ə. Eybətov bildirib ki, mərhumla münasibətlərinin bu həddə çatmasına ikincinin yaşadıqları ərazidə və məktəbin yaxınlığında narkotik vasitələri yayması olub: “Dəfələrlə Səbuhinin bu hərəkətini gördükdə ona mane olmağa çalışdım, xəbərdarlıqlar etdim. Dedim ki xalqı zəhərləmə, o isə nəinki qulaq asdı, əksinə, zalda səsləndirə bilməyəcəyim çox ağır söyüşlər söydü. Mənə soyuq silahla xəsarət yetirdi, əməllərini dayandırmadı. Niyyətim onu qorxutmaq idi. Həmin gün də Fərrux və Eminlə marketə siqaret almağa gedirdik, qarşılaşdıq. Bizi görəndə yenə ağır söyüş söyüb, bıçağı çəkdi və qaçmağa başladı. Onun arxasınca qaçdım. O, dayanmadan söyür və bıçaqla zərbə endirirdi. Qolumu yaralamışdı. Məqsədim ayağına vurmaq olub. Heç vaxt onu öldürməyi ağlımdan keçirməmişəm. Onu necə vurduğumu da xatırlamıram. Həmin vaxt Fərrux gəlib çatdı. Bizi aralamaq üçün əlindəki taxta yeşiklə əvvəlcə mənim boynumun dalına, daha sonra isə Səbuhinin bıçaq tutduğu əlinə vurdu. Həmin vaxt da Səbuhi Fərruxu yaraladı. Biz ondan ayrılıb gedəndə ayaq üstəydi, yaralandığl da hiss olunmurdu. Onun öldüyünü eşitdiyimdə könüllü olaraq, təslim olmuşam. Polisdə olarkən ona bıçaq zərbəsi vurduğumu dedilər. Qeyd edim ki, mübahisə zamanı hədsiz əsəbiydim deyə, anlaqsız olmuşam. Nə etdiyimi bilməmişəm. Təəssüf edirəm. Məhkəmədən işə ədalətlə baxmasını xahiş edirəm”.
Daha sonra Fərrux Qasımov sərbəst ifadə verib.
Proses oktyabrın 21-də davam edəcək.
Qeyd edək ki, hadisə 2024-cü il martın 9-da, saat 21 radələrində paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. 1998-ci il təvəllüdlü Səbuhi Əhmədlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalar zamanı məlum olub ki, 1999-cu il təvəllüdlü Əli Eybatovla mərhum arasında baş verən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Səbuhi Əhmədli ehtiyatsızlıqdan qətlə yetirilib.
Xatırladaq ki, Ə Eybatov AR Cinayət Məcəlləsinin 120.2.1 və 221.3 maddəsilə ittiham edilir.
Gülnaz Qənbərli
Azadmediatv.com