"Nərmin işi"ndə həqiqətlər ortaya çıxır - MƏHKƏMƏ (YENİLƏNİB - 3)
Noyabrın 23-da Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi davam etdirilib.
Azadmediatv.com xəbər verir ki, prosesdə Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı ilyarımdır məhkəmə araşdırmaları davam edir.
Noyabrın 16-da keçirilən prosesdə İlkin Süleymanovun ibtidai istintaqda verdiyi ifadənin yerində yoxlanması ilə bağlı videogörüntülər nümayiş etdirilib. Videogörüntülərdə 2020-ci il yanvarın 10-da İlkin Süleymanovun yaşadığı ünvanda və meyitin yandırıldığı yerdə aparılam istintaq əməliyyatları öz əksini tapıb. Hazırkı məhkəmə iclasında isə İlkin Süleymanov ifadəsinin yerində yoxlanılması prosesi ilə bağlı dövlət itthamçısı Müşviq Rəhimovun və müdafiəçilərinin aidiyyatı üzrə suallarını cavablandırıb.
. İ.Süleymanov müdafiəçisi Əlibaba Rzayevin suallarını cavablamdırarkən bəlli olub ki, əslində o, cəmi 2 dəfə ifadə verib. Digər 2 "ifadədən" iisə onun ümumiyyətlə xəbəri yoxdur. 2020-ci il yanvarın 6-da hadisə yerindən polis əməkfdaşları tərəfindən şöbəyə aparıldığını bildirən İ.Sülemanov məhkəmənin diqqətinə çatdırıb ki, ifadənisini işgəncələrə dözməyib təzyiq altında verib.
Vəkillər İlkin Süleymanovdan ifadənin yerində yoxlanılmasına aparılarkən işgəncələrə və təzyiqlərə məruz qalıb-qalmadığını soruşublar. İ.Süleymanov bildirib ki, yətinatı üzrə ünvana aparılmazdan əvvəl Tovuz RPŞ-nin rəis müavini Şahlar Cəfərov tərəfindən hədələnib, fiziki işgəncəyə məruz qalıb:
“Şahlar Cəfərov dedi ki, lazım olsa əraziyə 50 nəfər əlisilahlı gətizdirərəm, oranı mühasirəyə alaram. Mən belə başa düşdüm ki, məni aparanda yaxınlarım, ailə üzvlərim orada olmasınlar deyə, Şahlar Cəfərov belə deyir. Başıma və bədənimin başqa yerlərinə içki şüşəsiylə zərbələr vururdu, bununla da demək istəyirdi ki, orada da özünü yaxşı apar, burada nə yazmısansa, orada təsdiqlə. Bir polis əməliyyatçısı isə gəlib dedi ki, Baş Prokurorluqdan gələnlərin qabağında artıq-əskik danışma, özünü məzlum kimi göstərmə".
Dövlət ittihamçısının "Orada siz çəkələkdə olmusunuz. Ayaqqabınız yox idi?" sualına İ.Süleymanov "Öz ayaqqabım var idi. Ancaq mənə o qədər işgəncə verilmişdi ki, ayaqlarımın altı, dabanlarım ağrıyırdı, ayaqqabı geyinə bilmirdim. Çəkələyi də mənə Polis Şöbəsində verdilər."
Dövlət ittihamçısı bildirib ki, görüntülərdə ağrıdığınız hiss olunmur, rahat gəzirsiz, ayağı ağrıyana oxşamırsınız.
"Əslində ağrıyırdım. Ancaq çalışırdım ki, bunu biruzə verməyim ki, proseslər tez bitsin, ona görə də hiss etdirmirdim"- deyə İ.Süleymanov bildirib.İlkin Süleymanov əvvəlki məhkəmə iclaslarında olduğu kimi yenə də deyib ki, işin içində olan şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadələrdən xəbəri olmayıb. Birinci dəfə şahid qismində yanvarın 8-də dindirilib və hadisədən xəbəri olmadığını göstərib. Şahid qismində ikinci ifadəsi yanvarın 10-da alınıb. Bu, onun işgəncələrdən sonrakı "etirafedici" ifadəsi olub.
İlkin Süleymanov prokurorun bəzi suallarına “ola bilər”, “yadımda deyil”, “bilmirəm” kimi cavablar verditinə görə, prosesə sədrlik edən hakim Dadaş İmanov bir neçə dəfə ona sualları dəqiq cavablandırmasının vacib olduğunu xatırladıb: “lkin, arxayın və əmin ol ki, mən sənin barəndə ən obyektiv qərarı verəcəm. Ona görə də sən burda ehtimallarla danışma, çalış hər şeyə dəqiqliyi ilə cavab ver. Bu ittiham sənə istintaqda verdiyin ifadə əsasında verilib. Sən də hər şeyi dəqiqliyi ilə danışmalısan ki, biz sonra obyektiv qərar çıxara bilək”.
Prosesdə eksperiment xarakterli videogörüntüləru nümayiş etdirilərkən ortaya çıxan suallara da aydınlıq gətirilib.
Proses qısa fasilədən sonta öz işini davam etdirib.
Proses noyabrın 29-da davam edəcək.
Qeyd edək ki, Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də saat 14-15 radələrində yaşadığı Tovuz rayonu Dondar Quşçu kəndindəki evlərindən çıxaraq həmin kənddə yaşayan əmiləri Arif və Lətif Quliyevlərin evlərinə getfiyi iddia olunur. O, əmisi Lətif Quliyevin evindən atasına məxsus qara rəngli gödəkcəni götürdükdən sonra həmin evi tərk edib və bundan sonra bir daha onu görən olmayıb.
48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanov isə özünü təqsirli bilmir.
Gülnaz Qənbərli
Azadmediatv.com