“Qranit-QP”MMC-nin məhkəməsində müdafiə tərəfi hakim Toğrul Məmmədova etiraz edib
Sentyabrın 21-də Goranboy rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə “Qranit-QP”MMC-nin təsisçiləri, direktor - Mürşüdova Rübabə Mustafa qızı, direktor müavini – Həsənov Ramil Şəmil oğlu və baş mühəndis-Həsənəliyev Xudaverdi Vaqif oğlu barələrində qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Azadmediatv.com xəbər verir ki, prosesdə Rübabə Mürşüdovanın vəkili Arzu Alıyeva prosesdə vəsatətlə çıxış edib:
"Hörmətli məhkəmə, hüquqlarını müdafiə etdiyim R.Mürşüdova və X.Həsənəliyev "Qranit QP"-nin təsisçiləridirlər və sahibkarlıq fəaliyyətiylə məşğuldurlar. Dövriyyəsi məhdidlaşdırılmış maddələrlə, yəni partlayıcı maddələrlə işlədiklərinə, eləcə də dağ-mədən sahəsində partlayış işləriylə məşğul olduqlarına görə, onların həm fərdi, həm də hüquqi şəxs olaraq, partlayış işləri və partlayıcı maddələrin dövriyyəsi ilə məşğul olmağa səlahiyyətləri vardır. Bu səlahiyyət Dövlət tərəfindən verilmiş lisensiyalarda öz təsdiqini tapmışdır.
Bu sahədə məhkəmə təcrübəsinin demək olar ki, olmaması baxımından, eləcə də partlayış sahəsində məşğul olan bir çox sahibkarların konstitusion hüququ baxımından AR CM-in 229-cu maddəsinin 192-ci maddəsiylə əlaqəli şəkildə şərh edilməsinə ehtiyac yaranmışdır. Belə ki, işin obyektiv həlli üçün aşağıdakı sualların cavablandırılması zəruridir:
1. Partlayış işləri ilə məşğul olan və buna "Xüsusi lisenziyası olan sahibkarların partlayıcı maddə hazırlaması əməli" ilə CM-nin "229-cu maddəssində nəzərdə tutulan (Qanunsuz olaraq silah hazırlama") partlayıcı maddə hazırlama əməli" eyni məna daşıyırmı?
2. Dağ-mədən sahəsində partlayış işlərini həyata keçirən sahibkarın partlayıcı maddə hazırlaması anlayışı, CM-in 229-cu maddəsində nəzərdə tutulan qanunsuz partlayıcı maddə hazırlama cinayət əməlinin tərkibini yaradırmı? Daha dəqiq desək, "Dağ-mədən sahəsində xüsusi lisenziya əsasında partlayış işlərini həyata keçirmək üçün partlayıcı maddə hazırlama" məqsədi, CM-in 229-cu maddəsində nəzərdə tutulan "Qanunsuz partlayıcı maddə hazırlama" maddəsiylə eynidirmi?
Bu suallara aydınlıq gətirilməsi icraatınızda olan cinayət işininin obyektiv həlli, eləcə də ölkədə sahibkarlarların hüquqlarının müdafiəsi baxımından çox zəruridir.
Azərbaycan Respublikası Konstitutsiyasının 130-cu maddəsinin III hissəsinin tələbinə görə, Konstitutsiya Məhkəməsinə, qanunların şərhi ilə əlaqədar, məhkəmə sistemindən yalnız Ali Məhkəmə sorğu verə bilər.
Odur ki, xahiş edirəm Vəsatətdə göstərilən bu məsələlərə Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi tərəfindən rəsmi şərh verilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edəsiniz".
Daha sonra müdafiə tərəfinin vəkili Arzu Alıyeva bildirib ki, Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyinə ciayət işinin obyektiv araşdırılması üçün ünvanladığı sorğuya sözügedən qurumun rəisi Vüsal Ağayev tərəfindən tutarlı cavab verilib. Arzu Alıyeva sorğunu və ona verilən mötəbər cavabı məhkəməyə təqdim edib:
"1."Gübrə" və "Dizel"qarışığından hazırlanmış "İqdanit"adlı zəif partlayıcı maddənin hazırlanmasına və istifadəsinə xüsusi icazə tələb edilirmi?
2.Partlayıcı maddələrin dövriyyəsinə dair Azərbaycan Respublikası FHN-nin xüsusi lisenziyasını almış Partlayış işləri ilə məşğul olan hüquqi şəxslər "İqdanit" adlı zəif partlyıcı maddəni hazırlaya və istifadə edə bilərlərmi?
3. Partlayıcı maddənin "istehsalı" dedikdə hansı fəaliyyət nəzərdə tutulur?
4. Partlayıcı maddənin "Hazırlanması" dedikdə hansı fəaliyyət nəzərdə tutulur?
5. Dağ-mədən sənyesində partlayış işləri aparılmasında sahəsində şəxslər "İqdanit" adlı zəif partlyıcı maddədən istifadəyə hər hansı qadağa qoyulubmu və qadağa qoyulubsa, hansı qanunla qadağa edilib?
6. FHN tərəfindən verilmiş "partlayıcı maddələrin dövriyyəsi" adlı lisenziyalarda hansı fəaliyyətlər nəzərdə tutulur?
7. Partlayıcı maddələriin istehsalı və ya halrlanması "partlayıcı maddələrin dövriyyəsi" anlayışına aiddirmi?" sorğusuna cavab olaraq Agentlikdən bildirilib ki, icraatınızda olan cinayət işi üzrə "İqdanit" adlı maddə ilə bağlı 679 nömrəli sorğunuza baxlıb. Cavab olaraq bldiririk:
1. Tərkibi 96 faizli ammonyak şorasından və 4 faizli dizel yanacağından ibarət olan "İqdanit" partlayıcı qarışığının hazırlanması və istifadəsi üçün xüsusi icazə tələb edilir.
2. Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların (partlayış materiallarının) dövriyyəsinə xüsusi icazə almış hüquqi şəxslər "İqdanit" partlayıcı qarışığının hazırlaya və istifadə edə bilər.
3. Partlayış materiallarının istehsalı daha mürəkkəb texnolji mərhələləri ehtiva edən və xüsusi qurğuların, avadanlıqların vasitəsiylə həyata keçirilən prosesdir.
4.Partlayış materiallarının hazırlanması isə daha sadə üsulla həyata keçirilir.
5. "İqdanit" bir qayda olaraq dağ-mədən işlərində istifadə olunmaq üçün hazırlanan qarışıqdır və onun bu sahədə istifadəsinə qanunvericilikdə qadağa nəzərdə tutulmayıb.
Prosesə sədrlik edən T.Məmmədov mötəbər qurumun sözügedən "cinayət işi"ylə bağlı müdafiə tərəfinin işin obyektiv həlli üçün verdiyi sorğunun cavabını müzakirəyə çıxarsa da, ittiham tərəfinin bununla bağlı mövqeyini öyrənməyib. Belə ki, AR CPM-in 41.3 maddəsinin tələbinə görə, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini itisna edən və bu məcəlləni 40.3 və 40.4 maddələrində göstəriiən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkr edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir.
Qeyd edək ki, əməldə cinayət tərkibi olmadığı halda cinayət təqibindən imtina edilməini qanun bir vəzifə olaraq dövlət ittihamçısının üzərinə qoysa da, dövlət ittihamçısı Rəşad Tanrıverdi bunu etmədi. Hakim T.Məmmədov isə cinayət təqibindən imtina ilə bağlı dövlət ittihamçısının fikrini ümumiyyətlə soruşmadı.
Daha sonra hakim T. Məmmədov müdafiə tərəfinin vəsətətlərini əsassız hesab edərək, təmin etməyib.
R.Mürşüdovanın müdafiəçisi A.Alıyeva məhkəməyə etiraz edib: "Azərbaycan Respublikası FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Agentliyinə cinayət işinin obyektiv araşdırılması üçün ünvanladığımız sorğuya sözügedən qurumun rəisi Vüsal Ağayev tərəfindən verilən cavabı oxuduqdan sonra siz hakim olaraq, dövlət ittihamçısının fikrini öyrənməliydiniz. Lakin bunu etmədiniz. Digər tərəfdən yüzlərlə sahibkarın taleyini həll edən AR CM-in 229-cu maddəsiylə 192-ci maddəsinin əlaqəlii şəkildə şərh edilməsinə dair Konstittsiya Məhkəməsinə sorğu verilməsi üçün Ali Məhkəməyə müraciət edilməsinə dair vəsatətlərimizi təmin etmədiniz. Həmçinin, əlaqəli digər vəsatətləri də qəbul etmədiniiz. Ona görə də hesab edirəm ki, sizin bu prosesə ədalətli yanaşmanız obyektivlik baxımından şübhə altındadır. Odur ki, Sizə etiraz edirəm".
Proses sentyabrın 28-də davam edəcək.
Qeyd edək ki, “Qranit-QP” MMC-nin təsisçiləri, direktor - Mürşüdova Rübabə Mustafa qızı, direktor müavini – Həsənov Ramil Şəmil oğlu və baş mühəndis-Həsənəliyev Xudaverdi Vaqif oğlu barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 229.2.1 (qanunsuz silah və partlayıcı maddə hazırlanması) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ) maddələri ilə cinayət işi açılıb.
Xatırladaq ki, “Qranit-QP”MMC-nin təsisçiləri, direktor- Mürşüdova Rübabə Mustafa qızı, direktor müavini – Həsənov Ramil Şəmil oğlu və baş mühəndis-Həsənəliyev Xudaverdi Vaqif oğlu barələrində qaldırılan bu cinayət işində özlərini təqsirli bilmirlər.
Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Goranboy-Bakı