Məhz, bu gün general Bəkir Orucov Lələtəpəni azad edib, yüksəkliyə Azərbaycan Bayrağını öz əlləri ilə sancıb - MƏHKƏMƏ

Məhz, bu gün general Bəkir Orucov Lələtəpəni azad edib, yüksəkliyə Azərbaycan Bayrağını öz əlləri ilə sancıb - MƏHKƏMƏ

Aprelin 5-də Sumqayıt Məhkəmə Komplekisində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədliyi ilə ordu generalı Bəkir Orucov və  digər hərbçilər - İntiqam Məmmədovun, Rahim Məmmədov, Ülvi Rəşidov və Ziya Kazımovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Dövlət ittihamını Vüsal Mehralıyev müdafiə edir. 

Azadmediatv.com xəbər verir ki,  təqsirləndirilənlərdən ikisi - Ülvi Rəşidov və Ziya Kazımov ev dustaqlığında, digərləri isə həbsdədirlər. Daha sonra prosesdə təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.


Hazırlıq iclasında general Bəkir Orucovun müdafiəçisi Elvin Rzayev məhkəmə nəzarətçiləri tərəfindən təhqirə məruz qaldığını məhkəmənin diqqətinə çatdıraraq, şifahi vəsatət verib. Vəkil bildirib ki, bir neçə nəzarətçi rərəfindən telefonu əlindən alınıb və təhqir edilib.

Hakim Zeynal Ağayev:  Elvin müəllim, axı niyə başqa vəkillərə qarşı yox, məhz, sizə qarşı belə  etdilər?

Vəkil:  Binanın girişində Bəkir Orucovun kürəkəni mənə yaxınlaşıb bildirdi ki, o da məhkəməni izləmək istəyir. Mən nəzarətçilərə bu barədə deyəndə onlar adamla kobud rəftar etdilər, mən də onu müdafiə etdim. Hər şey də bundan sonra baş verdi. İndi mən də şifahi vəsatət təqdim edirəm.

Hakim:  Sən vəkilsən, gəl otur zalda, sənin nə işinə qalıb, o işlər sənin vəzifənə aid deyil axı...
Anket məlumatları dəqiqləşdirildikdən sonra vəkillər vəsatətlərlə çıxış ediblər.
İntiqam Məmmədovun vəkili Yavər Rüstəmov məhkəmənin nəzərinə çatdırıb ki, müvvəkili DTX-da saxlanılarkən ibtidai istintaq vaxtı telefon danışıqlarına qadağa qoyulub. Hazırda müvəkkili Bakı İstintaq Təcridxanasına köçürülüb, qadağa isə hələ də davam edir. Hakim bildirib ki, məsələ araşdırılacaq.

Təqsirləndirilən Ziya Kazımovun vəkil Bəhruz Bayramov  müvəkkilinin cinayət işinə xitam verilməsinə dair vəsatət qaldırıb: “Hesab edirik ki, Ziya Kazımova verilmiş ittihamlar əsassızdır və qanunsuzdur. O, snayper bölüyünün komandiri olub və vəzifəli şəxs deyil. Əsgərin işgəncələrdən ölməsi ilə də heç bir əlaqəsi olmayıb”.

Rahib Məmmədovun vəkili Rəna Məmmədova məhkəmədən şüşə qəfəsdəki müttəhimlərin qandallarının açılmasını xahilş edib, hakim Z.Ağayev qandalların açılması üçün göstəriş verib. 

General Bəkir Orucovun vəkili Elvin Rzayev isə  məhkəməyə etiraz edib: “Əgər mən vəkil olaraq bu, məhkəmə binasında döyülürəmsə, hakim də buna az qala yaxşı eləyib döyüblər kimi münasibət göstərirsə, mən belə məhkəməyə etiraz edirəm və onn ədalətinə güvənmirəm".

Hakim bildirib ki, kameralarda hər şey öz əksini tapıb və ona qarşı belə ifadələr işlətməyib:

"Sənin etirazınla iş bitmir, gərək müvəkkilin də fikrini bildirsin",- deyərək üzünü Bəkir Orucova tutub: "Sizin vəkiliniz mənə etiraz edir, qəbul edirsizmi?

Bəkir Orucov:  Xeyr, qəbul etmirəm.

Hakim üzünü vəkilə tutaraq deyib: "Müvəkkiliniz sizinlə razı deyil, mənə etiraz etmir".

Vəkil Bəkir Orucova müraciət edərək bildirib ki, siz məndən imtina edə bilərsiz.

Bəkir Orucov müdafiəçisnə "yox, sizdən də imtina etmirəm" deyib.

Daha sonra Elvin Rzayev Bəkir Orucovun ev dustaqlığına buraxılması üçün vəsatət verib. O, vəsatətini əsaslandırıb ki, Bəkir Orucov ibtidai istintaq zamanı qaçıb gizlənməyib, hər dəfə istintaqa çağırılanda vaxtında gedib: "Bəkir Orucovun həyat yoldaşı onkoloji xəstədir. Müvəkkilimin vaxtilə yüksək xidmətləri də olub. Məhz, bu gün general Lələtəpəni azad edib, yüksəkliyə Azərbaycan Bayrağını öz əlləri ilə sancıb.  Naxçıvanda fəxri qarovulun başçısı olub, Heydər Əliyev Naxçıvana gedəndə ulu öndəri şəxsən o qoruyub. 2016-cı ilin aprelində Lələtəpə əməliyyatına rəhbərlik edib. Bütün bu xidmətlərinə görə müxtəlif illərlə prezident tərəfindən təltiflər alıb".

Daha sonra vəsatətlərə münasibət bildirilib. Hakim zərərçəkmişlərə də vəsatətlərə münasibət bildirməyi təklif edib. Zərərçəkmişlər əsasən mülki iddiada olduqlarını silə gərieiblər. Onlar işgəncələrə məruz qaldıqlarına və 5 ildən çoxdur ki, ordudakı işlərini itirdikləri üçün  təzminat və  həm də işə bərpa olmalarını tələb ediblər.

Zərərçəkənlər onu da bildiriblər ki, onlara işgəncə verənlər arasında general Bəkir Orucov olmayıb. Zərərçəkmiş şəxslər vəsatətlə çıxış edərkən Bəkir Orucovun işgəncə verdiyini görmədiklərini də deyiblər.

Onların bəziləri general Mayis Barxudarovun adını çəkib və həmin generalın da müttəhimlər kürsüsündə əyləşməsini yələb ediblər.
Hakim Z.Ağayev bildirib ki, zərərçəkənlər maddi zərərlərlə bağlı məhkəmənin sonunda mülki iddia qaldıra bilərlər.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını xahiş edib.

Hakim müşavirədən qayıtdıqdan sonra qərarı oxuyub. Həmin qərarla qaldırılan vəsatətlər təmin olunmayıb. Zərərçəkənlərin mülki iddiasıyla bağlı zərərçəkənlərin vəsatətlərini isə baxılmamış saxlayıb. 
Proses aprelin 13-də davam edəcək.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

 Xatırladaq ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.


Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Sumqayıt-Bakı

 





OXŞAR XƏBƏRLƏR