Generalın məhkəmə günü bəlli olub
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov və digər 4 nəfərin cinayət işi üzrə məhkəmənin vaxtı bəlli olub.
Azadmediatv.com xəbər verir ki, proses aprelin 5-də Bakı Hərbi Məhkəməsində keçiriləcək.
İş üzrə məhkəmə proseslərinin Sumqayıt Məhkəmə Kompleksində keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov özünü təqsirli bilmir.
Azadmediatv.com