"Nərmin işi"ndə müəmmaları açan görüntülər nümayiş etdirilib - (YENİLƏNİB - 4)
Noyabrın 29-da Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun məhkəmə prosesi 16:00-da davam etdirilib.
Azadmediatv.com xəbər verir ki, prosesdə Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu il noyabrın 21-də 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı ilyarımdır məhkəmə araşdırmaları davam edir.
Bugünki prosesdə istintaq materiallarında yer almış videogörüntülər nümayiş etdirilub. Daha sonra müzakirələr və dindirmələr aparılıb.
Prosesdə hazırda sənədlərin tədqiqi mərhələsidir - cinayət işinin materiallarında olan videogörüntülər tədqiq olunur.
Noyabrın 23-də keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanovun həbsdən sonra evlərinə gətirilib, orada ondan çəkilişlə ifadə alınması görüntüləri nümayiş etdirilib. İ.Süleymanov həmin video ilə bağlı məhkəmənin və müdafiəçilərinin sualları cavablandırıb.
Hazırkı prosesdə isə sözügedən görüntülərlə bağlı sualları cavablandıran İ.Süleymanov bildirib ki, 2020-ci il yanvarın 14-də həmin görüntülər lentə alınarkən ayağında tərliyin olması təsadüfi deyil:
“Yanvarın 14-də - o soyuqda tərlik geyinib küçəyə çıxmaq ağlabatan deyil. Mənim ayaqqabım vardı, amma işgəncədən ayaqlarım elə vəziyyətdəydi ki, ayağıma ayaqqabı geyinə bilmirdim. Ona görə də şöbədən tərlik geyindirib gətirmişdilər”.
İ.Süleymanov bildirib ki, onu ifadəsinnin yerində yoxlanılması üçün çəkilişə gətirməzdən bir neçə gün əvvəl polislər evlərinə gizli girib, otaqdakı əşyaların yerini qarışdırıblar. Onun sözlərinə görə, Tovuzun o vaxtkı polis rəisi Şirzad Əsgərov başda olmaqla, polislərin yanvarın 9-dan 10-na keçən gecə saat 04 radələrində onların evinə gizli girməsi məhkəmədə də sübut olunub. Məsələn, orada olan Azər Məmmədov adlı polis sualları cavablandırarkən həmin vaxt evində yatdığını desə də, telefon anten dairələrinə dair məlumat onun Süleymanovların evi tərəfdə olduğunu göstərib.
“Mən o evə daxil olanda gördüm ki, orada əşyalar əvvəlki kimi deyil, qarışdırılıb. Məhkəmədə dindirmələr zamanı məlum oldu ki, polislər yanvarın 9-dan 10-na keçən gecə bizim evimizə qanunsuz soxulublar. Güman edirəm ki, onda qarışdırıblar. Çəkilişdən də görünür, uşağın saxlandığı iddia olunan həmin otaqda dəzgaha qoşulmaq üçün faza keçir. Atam məhkəmədə dindiriləndə demişdi ki, dekabrda qalxıb o otaqda fazanı qoşub, bəzi işlər görüb. Həmin vaxt otaqda heç kim olmayıb. Bacım oğlu Nicat yanvarın əvvəlində o otağa qalxıb, anamın paltosunu gətirib ki, geyinib yas yerinə getsin. O da bildirdi ki, otaqda heç kim olmayıb. Videoda görünür, pərdənin arxasında həmin paltarlar var. Videoçəkilişlə verdiyim ifadələrin hamısı yalan idi. Əvvəl demişdim ki, bilmirəm, bu cinayəti niyə törətmişəm. Sonra övladlığa götürmək məsələsi ortaya çıxdı. Əlbəttə, bu da uydurmadır. Övlad kimi baxmaq istədiyim uşağı soyuq otaqda, əl-ayağı bağlı saxlamaq absurddur.
Ayın 10-da həmin otaq tamamilə qarışdlrılmış vəziyyətdəydi. 8 yanvar protokolunda bu otağa da baxış olub. Orada hər şey yerindədir. Murad məhkəməyə verdiyi ifadəsində deyib ki, yanvarın 9-dan 10-na keçən gecə rayon polis şöbəsinin əməkdaşları ondan uzadıcı istəyiblər və qanunsuz olaraq evə soxulublar, ikinci mərtəbəyə basqın ediblər. Nicat 2019-ci ilin dekabrında toya geyinmək üçün kostyuma baxmaq üçün otağa çıxdığını deyib. Çəkilişdə də görünür ki, kostyum həmin yerdən asılıdır.
İkinci mərtəbədə dəzgah da var. Atam 2019-cu ilin dekabrında dəzgahı işlətmək üçün orada çıxıb işləyib. İfadə verərkən deyirdim ki, buradan hər hansı səs çıxa bilməz. Murad məhkəmədə ded ki, evə soxulanlar bir-biriylə normal səslə danışıblar, o tərəfdən gələn səslər rahat eşidilirmiş. Deməli, səhərisi gündən, yəni noyabrın 21-nin ertəsi günündən artıq guya Nərminin qaplı həyatının ritmə düşdüyünü deyirəm. Sonra "uzaqlaşmağa meyli qalmamışdı" sözlərini işlətmişəm. Müstəntiq soruşmur ki, məsələn, nədən bilirsən ki, uzaqlaşmağa meyli qalmamışdı. Ümumiyyətlə, zorla məcburi şəkildə başqa yerdə saxlanılan azyaşllı uşağın uzaqlaşmağa meylinin qalmamamsı absurddur. Yəni bir gün ərzində zorla saxlandığı bir yerdə, uyğun olmayan şərtlər daxilində bir gün ərzində həyatının ritmə düşməsi də absurddur.
Cinayətin motivi haqqında mən əvvəlcə izah edə bilməmişəm. Demişəm ki, bilmirəm. Bu, kəmağıllıq və ya anlaqsızlıq kimi yozulmalıdısa, verilən psixiatrik rəylə bu təkzib olunur. Yəni məndə bu halların olmadığını göstərir. Sonra çıxış yolu kimi övlad kimi baxmaq niyyətimin olduğunu deyirəm. Bu da absurddur. Çünki övlad etmək niyyəti olsa belə soyuqda, əli-ayağı bağlı şəraitdə, ağır şərtlətdə başqasını saxlamaq, nəsə bu niyyətin özünün absurd olduğunu göstərir. İşin faktiki hallarına uyğun deyil.
Çəkiliş vaxtı həyətdə müstəntiq məndən soruşdi ki, zərbə yetirdiyin daş hardadır? Daşı hara atmağımla bağlı ifadəmdə belə bir şey yoxdur. İfadənin yerində yoxlanılması zamanı müstəntiq soruşdu ki, daş hardadır? Mən ona həyətin aşağı tərəfində kolluğ tərəfi göstərib dedim ki, o tərəflərə atmışam. Amma müstəntiq israr etmədi, soruşmadı ki, gedək göstər, görək daşı hara atmısan. Çünki israr etsəydi, hər hansı daşı göstərəcəydim. Bunu məcbur etməliydim, həmin daş maddi sübut kimi istintaq tərəfindən götürülməliydi. Sonra məhkəmə tibb ekspertizasının rəyi ortaya çıxanda sual yarandı ki, maddi sübut kimi tanınan daşla Nərminin başında aşkarlanan zərbələrin forma və ölçüləri ağırlıq dərəcələri nəzərə alınaraq, bu mümkün deyil. Ziddiyyətlər ortaya çıxacaqdı, ona görə də müstəntiq məndən israr da eləmədi ki, hani o daş, göstər. Bu proseslər zamanı dövlət tərəfindən təyin edilən vəkil Araz Əhmədv mənə heç sual da vermədi. Kənardan hər şeyi izləyirdi.
Orada hadisə yerinə gedərkən arxa fonda Baş Prokurorluğun istintaq idarəsinin rəis müavini Həsən Hənifəyevi gördüm. H.Hənifəyev 16.01.2022-ci ildə istintaq qrupuna rəhbər təyin edilib. H.Hənifəyev yanvarın 10-da hələ bu vəzifəyə təyin edilməmişdi. Eyni zamanda orada Baş Prokurorluğun başqa bir idarəsinin rəisi olan Kamal Qılıcovu da gördüm. Onun Nadir Mirzəyevə yaxınlaşıb nəsə deməsi çəkilişdə də görünür. K.Qılıcov mənə telefonda həyətin girişində divarda qan ləkəsi göstərmişdi və demişdi ki, həyətdən üzərində qan ləkəsi olan daş da tapılıb.
Arxa planda DİN idarə rəisi Arzu Daşdəmirovu da gördüm. O, rayon polis şöbəsində olduğum vaxt mənə işgəncə veriləcəyi ilə bağlı xəbərdarlıq etmişdi. Bildirmişdi ki, "Sən əməli etiraf elə, yoxsa işgəncə alacaqsan. Mən 30 illik fəaliyyətim dövründə hələ görməmişəm ki, kimsə bu işgəncələrin qarşısında dayansın.
İstintaq eksperimenti mənim ifadəmə görə aparırdı, belə ki, ifadəmdə meyiti hadisə yerinə gətirib 2-3 yerdən yanacaq tökərək yandırdığımı demişdim. Müstəntiq sual vermədi ki, hansı nahiyələrinə od vurmuşdun.
46-47 gün məcburi vəziyyətdə əli-qolu bağlı saxlanılan şəxsin öz təbii ehtiyaclarını ödəmək üçün təbiçiliyi yoxdur. Ona görə də bu müddət ərzində Nərminin paltarlarında, yoğan, adyal və sairdə nəsə olmalıydı. Belə halların isə baş verdiyi müəyyən olunmayıb".
Vəkillər bildirib ki, 6 yanvar 2020-ci ildə - yanmış meyit tapılan gün səhər saat 10-dan günorta saat 15.00-a qədər İlkin Süleymanov kəndin başqa sakminləri ilə birlikdə Gəncədə yas mərasimində olub. Amma videoçəkilişdə həmin gün haqqında danışarkən bu barədə heç nə deyilmir. İlkin Süleymanov bunu belə izah edib:
“O videoda danışdıqlarım hamısı uydurmadır. Həmin gün real baş verənlər onları maraqlandırmırdı”.
Videodan görünür ki, həyətə daxil olanda İlkin Süleymanov bu biri evə keçmək istəyir, lakin müstəntiq qoymur:
“Düşünürdüm ki, bəlkə ətrafda ailəmdən, qohumlardan kimisə görərəm, deyərəm ki, bu cinayəti mən eləməmişəm. Düzü, bilmirəm, onu da deməyə cəsarət edəcəkdim, yoxsa yox. Çünki onların əlində idim. Amma evdə də, küçədə də heç kimi görmədim”.
Məhkəmədə 2019-cu il noyabrın sonu, dekabrın əvvəliində Xəzər TV”də yayımlanan “Səni axtarıram” proqramında bu hadisəyə həsr olunmuş reportaj da nümayiş etdirilib. Aparıcı Xoşqədəm Hidayətqızı Dondar Quşçu kəndinə gedərək, orada Nərminin yaxınlarınö danışdırıb, müsahibələr alıb. Reportajdan da görünür ki, Xoşqədəm Hidayətqızı bir neçə dəfə Nərminin böyük bacısı Şəbnəmin, onun yoxa çıxmazdan öncə sonuncu dəfə ünsiyyətdə olduğu əmisi oğlu Ayxanın da ziddiyyətli danışdığını üzə çıxarır. Bu haqda onların özlərinə də deyir.
Bundan başqa, məhkəmədə uşağının meyitini kənardan gördüyünü, hətta morqda tanınmada özünün yox, qardaşı Akif Quliyevin iştirak etdiyini deyən Şərif Quliyev müsahibəsində deyir ki, qızının meyitini yaxından özü görüb və üzdən tanıyıb. O, iddia edib ki, uşağın üzü yanmamışdı.
Lakin cinayət işinin materiallarındakı fotolarda üz nahiyəsinin tamamilə yandığı və tanınmaz halda olduğu görünür.
Nərminin özündən böyük bacısı Şəbnəm Quliyeva Xoşqədəm Hidayətqızına deyir ki, həmin gün bacısı xəstə olub, bu səbəbdən məktəbdən də icazə alıb tez gəlibmiş. Amma məhkəmədə Şərif Quliyevdən və qızı Şəbnəmdən həmin gün Nərminin xəstə olub-olmadığını soruşanda onların hər ikisi xəstə olmadığını demişdi.
Vəkillər ATV telekanalında Zaur Baxşəliyevin aparıcısı olduğu verilişdə Nərminin meyitinin tapılmasıyla bağlı onun canlı yayımda icyimaiyyətə çatdırdığı məlumatların da araşdırılmasını istəyib. Onlar Z.Baxşəliyevin məhkəməyə çağırılıb dindirilməsi məsələsini qaldırıblar:
"Zaur Baxşəliyev həmin verilişdə deyir ki, Nərminin başına dəmirlə 5 zərbə vurulub. İttihamda isə zərbənin daşla vurulduğu yazılıb. İlkin də ifadəsində daşla bir zərbə vurduğunu deyir. Bu da işin faktiki hallarına uyğun gəlmir. Ekspert rəylərinə əsasən, xəsarətlərin formasına baxanda başdakı zərbələrin dəmirlə vurulduğunu demək olar. Zaur Baxşəliyev bir də deyir ki, Nərmin meyit tapılmamışdan 5 gün əvvəl öldürülüb. Gəlsin, görək bu məlumatları ona kim vermişdi...”
Proses dekabrın 7-dək təxirə salınıb.
Qeyd edək ki, Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də saat 14-15 radələrində yaşadığı Tovuz rayonu Dondar Quşçu kəndindəki evlərindən çıxaraq həmin kənddə yaşayan əmiləri Arif və Lətif Quliyevlərin evlərinə getfiyi iddia olunur. O, əmisi Lətif Quliyevin evindən atasına məxsus qara rəngli gödəkcəni götürdükdən sonra həmin evi tərk edib və bundan sonra bir daha onu görən olmayıb.
48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin Süleymanovun ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-dək Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra ağır işgəncələrə və valideynləriylə təhdid edilməsinə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanov isə özünü təqsirli bilmir.
https://www.youtube.com/watch?v=c-7I1l-E1Lw&t=371s
Gülnaz Qənbərli
Azadmediatv.com
Bakı-Gəncə-Bakı
.